AraşdırmaMANŞETÜSTÜ

Zərdabi yurdunun daha bir fəxri Şəhid polis baş leytenant Hüseynov Bəhruz Şiraslan oğlu.

Hüseynov Bəhruz Şiraslan oğlu 1958-ci ildə Zərdab rayonunun Alıbəyli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977-79ci illərdə hərbi xidmətdə olmuşdur. Polis olmaq arzusu ilə Kalininqrad şəhərində polis məktəbinə daxil olmuşdur. Polis məktəbini bitirdikdən sonra Sverdlovsk vilayətində işə başlamışdır. O, burada milis baş leytenantı rütbəsinə kimi yüksəlmişdir. Qarabağda baş verən hadisələr onun da rahatlığını pozmuşdu. Rusiyada iş yerini ataraq, Azərbaycana qayıtmışdı, Azərbaycan Daxili İşlər Nazirliyi onu ən qaynar nöqtələrdən biri olan Zəngilanın Polis şöbəsinə xidmət etməyə göndərmişdir. Zəngilan işğal olunan ərəfədə ailəsi ilə birlikdə düşmən mühasirəsinə düşmüşdür. Əsil Azərbaycan polisi və kəşfiyyatçısı kimi hərəkət edərək çoxlu sayda erməni separatçılarını qətlə yetirmiş, düşmən mühasirəsindən sağ-salamat çıxa bilmişdir.
Döyüş yoldaşları onun haqqında deyirdi ki, Bəhruz çox qoçaq və ölümün gözlərinə dik baxmağı bacaran oğlan idi. Bəhruz Hüseynov təkcə Zərdabın deyil, Qubadlının, Zəngilanın, Füzuli rayonlarınında fəxridir. Hüseynov Bəhruz Şiraslan oğlunun axırıncı döyüşü Füzuli rayonu ətrafında olmuşdur. O, 1994-cü ilin yanvar ayının 28-də qəhrəmanlıqla həlak olaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Haqlı olaraq Hüseynov Bəhruz Şiraslan oğlu kimi qəhrəmanlarla fəxr etməyə dəyər.
Onu da qeyd edək ki, Hüseynov Bəhruz Şiraslan oğlunun adının əbədiləşdirilməsi daha yaxşı olardı. Bu gənclərin vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edər.
Zərdabın tanınmışları və Zərdabi yurdu komandası olaraq Şəhid polis baş leytenantı Hüseynov Bəhruz Şiraslan oğluna Allahdan rəhmət diləyirik. Ruhu şad olsun.
Hörmətlə
Tarverdi Süleyman