MANŞETÜSTÜSiyasət

“Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır.”

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü , Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, bu gününün və gələcəyinin formalaşmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir. Xalqın bu ağrılı, əzablı anlarında Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini ona cəlb edir, ona ümidləri artırırdı. Belə bir ərəfədə o dövür ki üzdəniraq Iqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Naxcıvanda da Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Məhz belə bir zamanda əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı. Müdrük Azərbaycan xalqı xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda hakimiyyətdə olan və olmayan Xalq Cəbhəsi üzvləri, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti əldən verməməyə çalışırdılar. Təəssüflə qeyd edirəm ki, bu vaxt Gəncədən başlamış qiyamçılar Bakıya doğru yeriməyə, Prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və heç bir müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin bu çətin vaxtında baş verənlərlə yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Belə ki, ziyalı insanlar dəfələrlə Naxçıvana gedib Heydər Əliyevin yenidən böyük siyasətə qayıtmasını xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Bununlada Yeni Azərbaycan uğrunda yeni siyasi hərəkat başladı. Bu hərəkat Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunaan Yeni Azərbaycan Partiyasının (YAP) ətrafında birləşdi. Bununla da daxili və xarici düşmənlərimizin Azərbaycanı parçalamaq planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Gəncə qiyamını və ölkədə baş qaldırmış bu kimi hadısələrin qarşısını aldı. Və nəhayət 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləcə 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Bilirsiniz ki, zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Biz Azərbaycanlılar isə bütün bunlara görə Ulu öndər Heydər Əliyevə Borcluyuq. Dövlətimizin qorunub saxlanılması , azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması Qurtuluş deməkdir! Qurtuluş gününüz mübarək olsun.

Politoloq Əli Quliyev. YAP Yevlax şəhər təşkilatının Sədr müavini, Aparat rəhbəri