MANŞETÜSTÜMüsahibə

“Sizi əmin edirəm, hazırda hakimlərin 90 faizi rüşvət almırlar” – Adəm Məmmədov (MÜSAHİBƏ)

Bakıda Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransı keçirilib. Konfransda iştirak edən Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmə sistemi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. 
Nazir müavini bildirib ki, Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir və bunun üçün qanunverici baza da təkmilləşdirilir. Nazirin sözlərinə görə, hökumət islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir. O bildirib ki, hakimlər, məhkəmə aparatı işçiləri, vəkillərin sayı artırılıb, onların maddi və sosial müdafiəsi gücləndirilib. Proses bu gün də davam edir. Ümidvarıq ki, layihənin uğuruna nail olacağıq”.
A.Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək maaş alması ilə bağlı təkliflərə də münasibət bildirib. Nazir müavininin sözlərinə görə, hakimlərin daha yüksək maaş alması imkandan asılı olan məsələdir: “Qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin maaşı müəyyən qədər artırılır. Təbii ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq”.
Məlumat üçün bildirək ki, Avropa Şurası tərəfindən həyata keçirilən Layihənin ümumi büdcəsi 915 000 avrodur.

Layihə və nazir müavininin açıqlamaları ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov məhkəmə sistemində hələ də ciddi problemlərin qalmaqda olduğunu deyib..

 – Adəm bəy, Avropa Şurasının Azərbaycan məhkəmələri ilə bağlı həyata keçirdiyi layihəni necə dəyərləndirirsiniz? 
– Hər halda belə layihələrin reallaşması faydalıdır. Ən azından indiki vəziyyətin 5-10 faiz düzəlməsi belə müsbət nəticə sayıla bilər. Tam arzuladığımız nəticəni verməsə də, müəyyən qədər effektli olar. Ümumiyyətlə, son dövrlər Prezidentin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman və sərəncamlarından, aparılan islahatlardan sonra bu sahədə müəyyən irəliləyişlər var. Hər şey qaydasındadır. Layihələr hazırlanır, müəyyən məbləğlər ayrılır. Məhkəmə sistemində korrupsiya halları kifayət qədər aradan qaldırılıb və s. Bunların hamısını müsbət dəyərləndiririk. Ancaq ən ciddi problem bəzi hakimlərin ədalətli qərarlar qəbul etməməsidir. Hakimlər qəbul etdikləri qərarların məsuliyyətini hiss etmirlər. İstənilən halda məhkəmə sədrləri çalışmalıdırlar ki, verdikləri qərarlar ədalətli olsun. Layihələr əsasən bu istiqamətdə olmalıdır, ümumiləşmə aparılmalıdır. Bəzən elə olur ki, eyni proseslə bağlı bir hakim başqa qərar verir, digər hakim isə tamam fərqli qərar çıxarır. Bu, yolverilməzdir.
 – Vurğuladığınız problem nədən qaynaqlanır? Niyə bəzi hakimlər ədalətli qərar vermirlər? 
– Məhkəmə sahəsindəki ən ciddi problem ədalətsiz qərarlardır. Təəssüflər olsun ki, cəmiyyət olaraq buna hazır deyilik. Demirəm ki, hakimlərimizə təsirlər, təzyiqlər olur, onları nəyəsə məcbur edirlər. Daha doğrusu hakimlərin yönləndirilməsi vəzifəli şəxslərdən gələn zənglərlə olmur. Bu təsirlər istənilən formada ola bilər. Məsələn, hakimin tələbə yoldaşı, əsgər yoldaşı hansısa qərar ərəfəsində ona təsir göstərə bilir. Ona görə də ilk növbədə insanın özündə, ələlxüsus hakimlərdə ədalət hissi güclü olmalıdır. Əgər hansısa əmlakın mənə aid olmadığını bilirəmsə, ancaq müxtəlif yollarla onu əldə etməyə çalışıramsa, deməli vətəndaş olaraq ciddi problemim var. 
 – Ədalətsiz hesab etdiyiniz qərarlar hansı məhkəmə prosesləri ilə bağlıdır? 
– Hakimlərin ədalətsiz qərarlarına əsasən mülki işlərdə rast gəlinir. Ümumiyyətlə, son dönəmlər mülki məhkəmələr daha geniş vüsət alıb. Bu sahədə ciddi problemlər mövcuddur. Bir sıra məhkəmələr insanların taleyi ilə oynayır. Hətta bildiyimə görə, bəzi hallarda vergilərlə bağlı məsələlərdə məhkəmələr vətəndaşın xeyrinə qərar çıxartmırlar. Yəni, kənar məsələlər məhkəmə qərarlarına təsir edə bilir.
 – Sizcə bu kimi problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? 
– İlk növbədə hakimlərin sosial təminatı yüksəldilməlidir. Özü də bu yüksəliş həddindən artıq böyük olmalıdır. Əgər hakimlərin sosial təminatı yüksələrsə, mövcud problemi nisbətən aradan qaldırmaq mümkündür. Məhkəmə sisteminin inkişafı bu addımı atmaqdan keçir. Hakimlərin əməkhaqqları artırılmasa, minlərlə layihə də keçirsək faydası olmayacaq. Ümumiyyətlə, belə gedərsə, ölkədə hakim qalmayacaq, hamısı ərizə verib sistemdən qaçacaq. Heç kim hakim işləmək istəməyəcək. Çünki hansısa özəl şirkətdə 1500 manata işləmək hüquqşünas üçün daha əlverişlidir. Kimsə sual edə bilər ki, niyə sadəcə hakimlərin maaşlarının artması məsələsini gündəmə gətirirsiz. Haqlı iraddır, fikrimcə, müəllimlər və səhiyyə işçiləri də hakimlərlə bərabər yüksək əməkhaqqı almalıdır. Üç sahənin maaşlarını kifayət qədər artırsaq, cəmiyyətin inkişafına nail ola bilərik. Hakim, həkim və müəllim heç vaxt fikirləşməməlidir ki, ailəsini nəylə dolandırsın, necə yaşasın. Hakimlərin maaşı yüksək olarsa, onların verdiyi qərarlar da ədalətli olacaq və korrupsiya halları ortadan qalxacaq. Belə məsəl var, deyirlər – “hamı dəli olanda qazının (hakimin –red) yanına gedir, bəs qazı dəli olanda kimin yanına getsin?!”. Hamının mübahisəli məsələsini, hüquqi problemini məhkəmə sistemi, hakimlər həll edir. Ona görə də qərar qəbul edən şəxs çox yüksək təminata malik olmalıdır.
 – Nazir müavini deyib ki, hakimlərin 60-70 faizi yeni qaydalarla seçilir və hakimlə ictimaiyyət arasında ünsiyyət yalnız məhkəmə zalında baş verir… 
– Bilirsiz, bunların hamısı texniki məsələlərdir və onları qabartmaqla nəyəsə nail olmaq mümkün deyil. Hakim istədiyi adamla görüşə, danışa bilər, əsas odur ki, sonda ədalətli qərar qəbul etsin. Bunu reallaşdırmağın kökündə də maaşların artırılması durur. Sizi əmin edirəm, hazırda hakimlərin 90 faizi başqa yollara əl atmır, rüşvət almırlar. Axı hakimləri də başa düşmək lazımdır. Onların yanında 3-4 işçi, köməkçi olur və hakim cibindən onlara pul verir. Problemi həll etmək istəyiriksə, reallığı dilə gətirməliyik.
 – Hakimlərin məvacibi nə qədər olmalıdır? 
– İndiki dövrdə hakimlər ən azı 5 min manat əməkhaqqı almalıdırlar. Bu da keçid dövrü üçündür. Daha sonra maaşları bir qədər də yüksəldilməlidir.
 – Bəs hazırda hakimlərin maaşı nə qədərdir? 
– Staja görə məbləğ dəyişir. Uzun müddət işləyənlər təxmini 1000-1200 manatdan, 2000 min manatadək maaş alırlar. Ali Məhkəmə hakimləri isə hardasa 3 minə yaxın əməkhaqqı alır. Nəzərə çatdırım ki, hakimin sosial təminatını ağırlaşdıran bir sıra məqamlar da var. Məsələn, əvvəl 5 il hakim işləyən şəxslərin xüsusi təminat, yəni pensiya almaq hüququ yaranırdı. Ancaq indi 15 il hakim işləməlisən ki, pensiya ala biləsən. Bu da çox ciddi məsələdir”.