Cəmiyyət

SAĞLAM GƏLƏCƏYİMİZ ÜÇÜN CAVABDEHİK

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də bu növ cinayətkarlığın profilaktikası məqsədilə yeniyetmə və gənclər ilə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər. Belə tədbirlərdən biri Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Borsunlu kənd orta məktəbində gerçəkləşib.

“Ağ ölüm əsrin bəlasıdır!” mövzusunda keçirilən həmin tədbirdə çıxış edən Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov bildirib ki, narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə, öz gələcəyini bilərəkdən məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan yeniyetmə və gənclərin vasitəsilə öz şəbəkələrini genişləndirərək, xüsusən məktəbliləri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi, vətənpərvər ruhda böyümələri istiqamətində davamlı işlər aparmalıdırlar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve takım elbise