İdman

Rafael Ağayev “Best of the Best” ola bilmədi

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə Premyer Liqa yarışı start götürüb.

Oxu.Az xəbər verir ki, 17 idmançımızdan altısı mübarizəyə qoşulub.

Lakin yalnız qadın millimizin üzvü Nuranə Əliyeva (-50 kq) bürünc medal qazanmaq şansı əldə edib. Ən gözlənilməz məğlubiyyət Rafael Ağayevdə (-75 kq) olub. O, ilk görüşündə serbiyalı Lyubişa Mariçə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Ümumiyyətlə, 75 kq çəki dərəcəsində iddialılar finala çıxa bilməyib. Yaponiyalı Ken Nishimura, iranlı Bəhmən Əsgəri Qönçə, ukraynalı Stanislav Qoruna və özbək Dastanbəy Atabalayev uduzaraq medalsız qalıblar.

Finala isə qazaxıstanlı Yermek Aynəzərovla fransalı Loqan da Kosta çıxıb. Cari mövsüm iştirak etdiyi bütün Premyer Liqa yarışlarından medalla qayıtmış Rafaelin bu dəfə Bakıya əliboş qayıtması isə bizə onu deməyə əsas verir ki, beşqat dünya çempionumuz gələn il Parisdə “Böyük Qaliblər” (Grand Winners) arasında olmayacaq.

“Best of the Best” mükafatı isə bu çəkidə bu il iki dəfə Premyer Liqa qalibi olmuş Ken Nishimuraya veriləcək.

Digər idmançılarımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq) və İlahə Qasımova (-55 kq) da mübarizəni medalsız başa vurub.

Səbuhi Musayev