MANŞETÜSTÜMaraqlı

Mənim bipolyar sevgilim – Tural İsmayılovun hekayəsi

Parafraz Tural İsmayılovun “Mənim bipolyar sevgilim” hekayəsini təqdim edir:

Axşam yenə kədərimlə baş-başaydım.

Hamımızı aşağı-yuxarı eyni şey birləşdirirdi, onsuz. Hamımız elə bilirdik ki, dahiyik, bizi heç kim başa düşmür, guya çox dərin intellektual çalarlara malik düşüncə sistemimiz var. Fərdi uğursuzluqlarımızın, psixoloji sarsıntılarımızın kökündə həmişə cəmiyyət günahkar idi bizə görə. Elə bu səbəbdən də özümüzü qroteskdən anlayan, impressionizmi təhlil edən, eyni formada da Sartr fəlsəfəsindən Markes magik realizminə qədər bir çox məsələdən danışdığımız üçün digərlərindən üstün görürdük.

Di gəl ki, nərd atdığımız altı qoşa digərlərinin gözündə bir-bir idi. Yəni bir qohumumuzun toyunda heç vaxt ədəbi bilgisi olan adamlar hörmət görmürdü, çünki o, 300 manat maaş alırdı. Amma heç savadı olmayan zəngin biznesmen qohumumuz çoxlarının yaltaqlanma meyarı idi.

Qohumların məclisində intellekt ölçüsü aldığın maaşın kəmiyyəti ilə ekvivalent idi. Yəni sən 500 manat maaş alanda lətifənə gülmürlərsə, 2000 manat maaş alanda lətifən də gülməli olur, hətta ən mənasız sayıqlamaların da dərin elmi polemika qədər maraqlı olur. Elə bax bu dərdlər hamımızı bir məskənə salmışdı.

“Öz varlığını sübut etməyə çalışan heçlər klubu”nu beləcə ərsəyə gətirmişdik. Burada hələ 6 il əvvəldən fəlsəfə fakültəsində bir yerdə oxuduğum Sənandan, cəmiyyətin mental basqılarına etiraz edən bir çox zövqə malik gənclər toplaşırdı. Kimiləri iliyinə qədər milli mühafizəkar idi, onun üçün konservatizm bütün dəyərlərin üstündə gəlirdi. Kimiləri isə özünü liberal adlandırırdı, hətta heteroseksual ola-ola cinsi azlıqların hüquqlarına dair bəh-bəhlə söhbətlər aparırdı.

Yığışma yerimiz yox idi. Şəhərin bütün ucuz çayxanalarının tənha yerləri toplanma məntəqəmiz idi. Bəzən 2 manata çay içər, bəzən də adama 30 qəpik qoyub qutab yeyərdik. Çoxumuz işsizik, saytlar və qəzetlərdən gələn 5-10 manat qonorarla dolanırıq, bəzilərimiz də ya mağazada satıcı işləyirdik, ya da gecə klubunda mühafizəçi.

Son günlər özümü daha çox pis hiss edirəm. Depresiyyalarımın psixoloji qatı işsizlikdən, beynimin dayanmadan düşünmə mühərriki kimi çalışmasından irəli gəlirdisə, fiziki tərəfi də gecələr yuxusuzluq və əsəb qarışıq hücuma keçən sayrışan hallar sindromu idi.

Əslində panik ataka tutulmadan əvvəl və elə indi də hər an öləcəyimi düşünürəm.

Anam elə bilir, dəliyəm ya da ağlımı qaçırmışam. Məsələn, o, nə qədər ali təhsilli olsa da, düşünür ki, xəstəlik özünü fizioloji olaraq büruzə verməlidir. Daha anlamırdı ki, elə ən böyük xəstəlik insanın beyninin içinin onun ruhunu didib parçalamağıdır.

İndi məni yalnız klubdakılar və bir də sevgilim anlayırdı.

26 yaşıma qədər bir çox qadınla münasibətlərimiz gah uyuşurdu, gah yox. Onsuz da bizdə nəinki filosof, hətta pinəçinin, adicə fəhlə babanın da rahat dil tapıb danışa biləcəyi 3-4 mövzudan biri elə sevgidir. Mən də hədən artıq səbirsiz, hövsələsiz adam olduğum üçün bezirdim tanış olduğum qızlardan. Bəzən həyatımda hər şey qaydasında kimi görünürdü, elə olan anlarda özümü bu dünyanın ən ucqar zirvəsində sayırdım. Bəzən də kitablardan, filmlərdən rahatlıqla söhbət edib ortaq maraqlarımız olan, həqiqətən dəyər verdiyim hansısa sevgilimin sonradan məişətə qaçan söhbətlərindən iliyimə qədər bezib daha bir təssüf hissi keçirirdim.

Amma məni klubumuzda olan dostlardan bir nüans ayırırdı. Supereqoma heç vaxt məğlub olmamağa çalışırdım, bəzən özümü nəinki tənqid, hətta təhqir edir, bundan zövq alırdım. Özümü hədsiz aşağıladığım anların şahidi ya hamam, ya lift güzgüsü olurdu. Hətta yadıma gəlir, bir dəfə qonşumuz mağazanın önündə güzgüyə baxaraq kimisə söydüyümü anama dedi, həmin gün anamın gözlərində növbəti dəfə öldüm. Ciddi formada daxili dünyamla bacara bilmirdim, klub nə qədər fərqli və mənim kimi adamlarla çevrələnsə də, özümüzü ,adətən bədbəxt hiss edirdik.

Amma indiki sevgilim məni o qədər gözəl anlayırdı ki. Onunla necə tanış olduğumu, yaxud sevgimizin necə alovlandığını dəqiq xatırlamıram, heç bəlkə də bilmirəm. Bildiyim ən önəmli nüans o idi ki, biz bir-birimizin idik və bir-birimizi sevirdik.

Xəyalımdakı qadındı. 1.70 boyu, qəhvəyi dərisi, qapqara saçları, gözləri vardı. Sapioseksualdı mənim kimi, intellektə vurulurdu. Yatanda da yanımdaydı, kluba gedəndə də. Bircə anam onu tanımırdı. Heç sevgilim də anamı tanımaq istəmirdi, düzü. Aramızda heç bir məsafə yoxdu. O da mənim kimi yekəxana görünürdü… Hətta nə yekəxana? Yox, yox… O, dəqiq yekəxana idi!

İnsanlara yuxarıdan baxırdı, Tomas Mann, Selincer oxumağı sevirdi, Haksli və Derrida fəlsəfəsi ilə yaşayırdı, Akira Kurasavanın, Zeki Demirkubuzun fanat izləyicisiydi. İnanılmazdı, elə bil, əkizdik! Tamamilə dişi variantımdı. Bəzən əlimizə bir portağal şirəsi götürüb bulvarda gəzər, bəzən axşamlar saatlarla söhbət edər, həftə sonları çadır götürüb dağlarda, meşələrdə düşərgə qurar, ürəyimiz istəyəndə də günlərlə danışmaz, bir-birimizdən heç xəbərimiz də olmazdı.

Onun da qüsuru eyniyidi. Heç cür insanlara uzlaşa bilmirdi, çoxluqdan, toplumdan sıxılırdı.

Hətta başa düşüldüyümüz yerdə də bizi anlamadıqlarını düşünürdük. Saatlarla çiyin-çiyinə ağladığımızı bilirəm. Göz yaşlarımızın səbəbi də birdi, axan yaşdan sonrakı ağrılarımız, incikliklərimiz də.

Dərk etdiyim yeganə reallıq hissi vardı, bizi hər kəs başa düşürdü, biz bir az da real həyat şərtlərinə adaptasiya olmalıydıq, çünki anlayırdım, ikimizin də sonu yaxınlaşır bu gedişlə. Psixoloji narahatlıq keçirdiyimi deyirdilər, xalam hətta ailəmə təkid edirdi ki, məni mütləq peşəkar bir psixiatr müayinəsinə götürsünlər. Sevgilimin xalası da onu  dəli hesab edirdi.

***

3 gündür başım dəhşət fırlanırdı. Özümü çox pis hiss edirdim. Evdən hər səhər alaqaranlıqda çıxır, şəhərdə veyillənir, axşam saat 5 olmamış evə gəlirdim. Evdəkilər çoxdan əlini üzmüşdü məndən. Ona görə hər gün klassika tövrü alan iş tapmaqla bağlı sual artıq yox idi.

Klubdakıların da işləri yaxşıydı. Müxtəlif ədəbi, mədəni tədbirlər keçirilir, onlayn media klubun bütün toplantılarından, müzakirələrindən reportajlar dərc edilir, hətta televiziyalarda belə sujetlər hazırlanırdı.

Lakin son dövrlər mənə, sevgilimə qarşı qəribə baxırdılar. İkimiz də hər gün müxtəlif emosional hislər əhatəsində olurduq. Dərdimizi heç kim başa düşmürdü, klubdakılardan belə uzaq düşürdük. Eqo və mənasız nihilizmimiz dahilik əvəzinə cılızlığa aparırdı bizi. Və faciə bilirsizmi nədəydi? Hər ikimiz bunun fərqindəydik, sanki öz ölüm hökmümüzü icra etmək üçün dəridən qabıqdan çıxırdıq.

Qərara almışdım ki, bu gecə sevgilimlə məsləhətləşim. Çünki heç nə belə davam edə bilməzdi. Mütləq bir ortaq ağıllı (məhz ağıllı) yol tapılmalı, nəsə etmək lazımdı.

Başa düşürdüm ki, onun hər gün anidən dəyişən ruh halı bipoylar psixoloji pozuqluq idi. Amma mən belə yaşaya bilmərəm ki, o, bütün digər qadınlardan fərqli idi mənə görə və elə məhz bu səbəbdən də onsuz da yaşaya bilməyəcəyimi düşünürdüm. Bilirdim ki, çıxış yolu yoxdur, elə belə də qalacaq, öz kiçik təfəkkür dünyamızda mənəvi burulğanlar içərisində qeyb olacağıq, özümümüzdən də, insanlardan da, amma bir-birimizi heç vaxt itirməyəcəyik. Məhz buna arxayındım, başqa çıxış yolum da yoxdu.

Axşam yenə onu çox məyus gördüm, halbuki, bipolyar yarım dünən durduq yerə çox şux insan təsiri bağışlayırdı.

– Sevgilim, bax, oxuduqlarımız, düşündüklərimizin nəinki cəmiyyətimizə, heç özümüzə töhfəsi yoxdur. İnsanlara qarşı inam duyğumuzu formalaşdırmalıyıq.

– Onsuz da biz bunu bacara bilməyəcəyik.

***

Bu səhər anamın telefon zənginə oyandıq sevgilimlə.

Ağlımda qalan tək bu cümlə oldu:

– Onun sevgilisi yoxdur. Həkim dedi ki, deyəsən, oğlun artıq şizofrendir.

Sonda isə anamın hıçqırıq səsləri…

Tural İSMAYILOV