ManşetMədəniyyət

Leyla Əliyeva rəsm sərgisinin açılışında – Foto

Mayın 8-də Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib.

Fakttv.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümünə təsadüf edir.

G.Rzayeva qeyd edib ki, Kitab Mərkəzi ilə “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan “Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Buradakı rəsmlər yaşı 12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib. Bu gənclər ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb. Bəzilərinin valideynləri vaxtilə Azərbaycanda yaşasalar da, bu uşaqların əksəriyyəti ölkəmizi görməyib. Həmin uşaqlar Qarabağı görməmələrinə baxmayaraq, rəsmlərdə bu cənnət məkanını çox gözəl, sevə-sevə təsvir ediblər. Bu əsərlərin içində sanki bir ruh dolaşır. Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlovanın səyi və təşkilatçılıq qabiliyyəti sayəsində bütün bu aylar ərzində uşaqlar Qarabağı yağlı boya ilə kətan üzərinə köçürüblər.

Yaradıcılıq Mərkəzi qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs, musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları bir araya gətirir. Təşkilatda çalışan uşaqlar ABŞ vətəndaşlarıdır. Artıq dördüncü sərgidir ki, keçiririk. Onlar sadəcə, müəllimlərindən və sosial şəbəkələrdən Qarabağ və onun acı taleyi haqqında məlumat alaraq qəlblərindən keçəni kağıza və kətana köçürüblər. Əlbəttə, uşaqlar hələ peşəkar rəssam deyillər, onlar bu sənətin astanasında dayanıb öz seçimlərini etməyə hazırlaşırlar. Bəlkə də kimsə bu yolu davam edib dünyaca məşhur rəssam olacaq, nə vaxtsa “Yolum keçir Qarabağdan” sərgisi üçün çəkdiyi rəsmini mükəmməlləşdirib daha böyük və mötəbər sərgilərdə nümayiş etdirəcək.