AraşdırmaMANŞETÜSTÜ

JURNALİST HƏMKARIMI NİYƏ HƏBSDƏN QURTARA BİLMƏDİM?

JURNALİST HƏMKARIMI NİYƏ HƏBSDƏN QURTARA BİLMƏDİM?
DEDİLƏR “ELƏSİNİN YERİ HƏBSXANADIR”…
Mən çox jurnalist “həmkarlarımla” görüşüb söhbət etmişəm və hərəsinin də özünəxas xarakteri, “iş üslubu” olub. Dəfələrlə müdir tanışlarım şikayətləniblər ki, bir “həmkarın” gəlmişdi, əvvəl 50, sonra 30, sonra 20, axırda 5 manat istədi və dedi verməsən, səni qəzetimdə, saytımda biabır edəcəyəm. Mənim ona pul vermək fikrində olmadığımı yəqin edəndə isə yalvardı ki, ikicə manat da olsa ver, maşınıma benzin vurub özümü Ağcabədiyə də olsa çatdırım…
Hər dəfə belə “həmkarlarım” haqqında eşidəndə jurnalist olduğum üçün xəcalət çəkmişəm. Amma bir neçə il qabaq rastlaşdığım bir əhvalatdan sonra jurnalistikadan biryolluq getmək qərarına gəldim. Bununla belə, üzülürəm ki, müxtəlif səbəblərdən gedə bilmədim və hələ də jurnalistikadayam…
…Tanış olmayan nömrədən telefonuma zəng gəldi. Zəng vuran şəxs dedi ki, Bakıda çıxan filan qəzetin baş redaktoru filankəsəm, sənin nömrəni zərdablı tanış həmkarımdan almışam. Mühüm bir məsələdə köməyin lazımdır.
Dedim bir həmkar olaraq imkanım daxilində, gücüm çatdığı qədər kömək edərəm.
Dedi bu gün mənə xəbər çatdı ki, qəzetimin əməkdaşı filankəs təsadüfi səbəbdən Zərdabda həbs olunub. O çox tərbiyəli oğlandır, heç yerdə işləməyən həyat yoldaşı və 2 azyaşlı körpə övladı ilə Bakıda kirayədə yaşayır. Ata-anasının məsləhət bildikləri qohum qızla deyil, qonşu rayondan sevdiyi qızla evləndiyi üçün valideynləri ondan imtina ediblər. İndi həyatda ona dayaq olan yeganə adam mənəm.
Redaktor həmkarım söhbətini bu sözlərlə bitirdi:
-Onun həbs olunması köməksiz ailəsinin vəziyyətini hədsiz ağırlaşdıracaq. Xahiş edirəm maraqlan gör, o “iş”in mahiyyəti nədir və onu həbsdən qurtarmaq üçün nə edə bilərik? Mənə bir xəbər çatdır, gəlim, görüşüb söhbət edək…
İsti yay günü, iş vaxtının sonları idi. Mən hüquq-mühafizə sahəsində çalışan dostumdan öyrəndim ki, o “iş” filankəsin icraatındadır. Həm də həmin müstəntiqlə normal münasibətimiz vardı və o səbəbdən də onunla razılığa gəldik ki,
Zərdab şəhərinin mərkəzindəki Həsən bəy Zərdabi bağının çayxanasında görüşək…
Görüşdük və məlum oldu ki, məsələ redaktor həmkarımın və mənim düşündüyüm qədər də sadə deyilmiş.
Müstəntiq dostum dedi ki, bu oğlan, yəni həmin müxbir keçən ay Zərdab şəhərinin Fəhlə qəsəbəsinin sakini Məmmədovdan pul alıb və deyib ki, Bakıdakı “adamımın” vasitəsilə sənə əlillik pensiyası düzəldəcəyəm.
Vəd olunan vaxt keçib və Məmmədov həmin müxbiri pulu qaytarsın deyə, Zərdaba dəvət eləyib. O da gəlib və yenə vaxt istəyib, amma səbri tükənən Məmmədov hüquq-mühafizə orqanlarına şikayət edib, bununla da müxbir Zərdabda həbs olunub.
Mən müstəntiq dostuma dedim ki, redaktor həmkarım müxbiri həbsdən qurtarmaqdan ötrü onun vətəndaşa vurduğu ziyanı ödəməyə hazırdır, həm də Məmmədov mənim də mənsub olduğum Müskürlü tayfasındandır, əminəm ki, pulunun qaytarılması müqabilində mənim xatirimə o oğlanı bağışlayar.
Müstəntiq bu “işi” “yoluna qoyacağını” vəd elədi, amma bir şərt irəli sürdü. Dedi həmin müxbirlə bağlı müvafiq orqanlara sorğu göndərmişik, əgər onun başqa “ÇP”-si çıxmasa, mütləq azad ediləcək, özü də siz jurnalistlərin xatirinə təmənnasız.
Mən bu söhbətdən sonra redaktor həmkarıma zəng vurub vəziyyəti anlatdım. O da cavab verdi ki, onunla bağlı başqa heç bir problem ola bilməz…
Bazar ertəsi günü axşama yaxın müstəntiq dostum mənə zəng vurdu ki, çayxanada görüşək.
Görüşdük və dostum soruşdu:
-Qardaş, o müxbiri sən yaxından tanıyırsan?
Dedim, -yox,-heç tanış da deyilik.
Dedi elə isə bir daha onun adını çəkmə və bu işlə maraqlanma, çünki eləsinin yeri həbsxanadır.
Müstəntiq təəccübləndiyimi görüb sözünə belə davam elədi:
-Onun törətdiyi əməllər insanlığa və vicdana sığan deyil…
Mən daha da təəccübləndim və müstəntiq dedi:
-Deməli, bu müxbir gedib məşhur tütünçülük rayonlarından birinə. Öyrənib ki, orada yaxşı maddi imkanı olan, şirkətə rəhbərlik edən bir qadın var. Özünü çatdırıb həmin xanımın özəl müəssisəsinə. İşin təşkili ilə tanış olub və başlayıb onun iş metodunu tərifləməyə, sonra da deyib ki, bizim qəzetin fərdi mükafatı var, adı “Qızıl ….”dir. Baxıram ki, o mükafatın builki laureatı Siz olacaqsınız, mən Sizin təcrübənizi dünyaya yayacam, ona nail olacam ki, dövlət Sizə böyük maliyyə dəstəyi verəcək və ən yüksək mükfatı ilə təltif edəcək.
-Deyirlər, bir adamın yıxılmasını istəyirsənsə, onun nöqsanlarını ört-basdır elə, gecə-gündüz onu mədh elə, təriflə,-deyə müstəntiq sözünə davam etdi:
-Bu müxbir də xanımı o qədər tərifləyib, mədh eləyib və saqqızını elə oğurlayıb ki, qadın elə bunun yanında özünün qohumu olan sürücüsünü evə göndərib, deyib anamla tədarük görün, nahara qonağımızla bərabər bizə gedəcəyik…
Beləliklə, nahara gediblər xanımın evinə, zəngin süfrə başında yaxşıca yeyib-içiblər.
Ziyafətin sonunda işgüzar xanım anasına deyib ki, qonağa bir zənbil pay hazırla, mənim otağımdakı seyfdə olan bükülünü də bura gətir. Ana bükülünü–böyük məbləğdə pulu gətirib. İşgüzar xanım bükülüdən xeyli pul çıxarıb və sayıb verib müxbirə. Sonra da sürücüsünə deyib ki, gedək, məni işdə düşür, qonağı da apar avtovağzala, biletini alıb Bakıya yola sal.
Hörmət-izzətlə bunlar görüşüb ayrılıblar…
İşgüzar xanım axşam işdən evə qayıdanda anası soruşub ki, a bala, bükülüdəki o qədər pulu o müxbirə niyə verdin ki?
Xanım heyrətlə:
-Nə pul, nə müxbir?…
Məlum olub ki, işgüzar xanımın sürücüsü avtovağzaldan aralanan kimi müxbir avtobusdan düşüb və taksi ilə gedib işgüzar xanımgilə.
Qapını xanımın anası açıb, görüb ki, gələn bayaq qızının qonaq gətirdiyi və maşında birlikdə həyətdən çıxdıqları müxbir oğlandı.
Oğlan tez-tələsik qadına deyib ki, məni xanım göndərdi ki, anama de, seyfdəki bükülünü versin, obyektinə nümayəndələr gələcək…
Qadın da dinməz-söyləməz, gətirib həmin bükülünü verib həmin müxbir oğlana. Oğlan da elə o saat başqa bir taksiyə əyləşib və maşını Bakıya deyil (yəqin ki, izi azdırmaqdan ötrü), həyat yoldaşının doğulub böyüdüyü rayonun avtovağzalına sürdürüb və o gündən “yoxa çıxıb”…
Müstəntiq dostum bürkülü yay axşamında soyuyub buza dönən çayından bir qurtum içib kədərlə üzümə baxdı və sual verdi:
-Necə bilirsən, onu bağışlamaq olarmı? Amma onu da nəzərə al ki, bu hadisə, çox güman ki, onun törətdiyi bu növ əməllərin birincisi deyil,–bunu mənə müstəntiqlik təcrübəm deyir, həçənd ki, onun dosyesi hələ tamamlanmayıb…
…Həmin axşam özümü gərgin çarpışmada ağır məğlubiyyətə uğramış və bir daha vuruş meydanına qayıda bilməyəcək birisi kimi hiss etdim və evə dərin kədər içində, jurnalist olduğum üçün utana-utana döndüm. Elə bu gün də utanıram ki, mən hələ də elə “həmkarlarımla” bir sırada, jurnalistikadayam…

Fakttv.com Əkinçi qəzetinin redaktoru İsaməddin Əhmədov