MANŞETÜSTÜMüsahibə

“Azərbaycan aktiv döyüş əməliyyatlarına keçə bilər” – Polkovnik

Fakttv.com xəbər verir ki,Teleqraf.com-un suallarını ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Vyanada Azərbaycan və Ermənistan rəhbərləri arasından danışıqlar başa çatar-çatmaz ermənilər tərəfindən bir sıra bəyanatlar səsləndi. Paşinyanla Tonoyanın ritorikasının qəfil dəyişməsini səbəbi nədir?

– Ermənistanın ritorikasında əslində dəyişiklik yoxdur. Hakimiyyət və vəzifəli şəxslər dəyişsə də, ifadələr dəyişməyib. Gah sakitləşirlər, gah heç bir əsası olmayan sərsəm bəyanatlar verirlər. Ermənistanın müdafiə naziri David Tonoyan yeni ərazi iddiası ilə çıxış elədi. Birincisi, Ermənistanın hücum etmək imkanı yoxdur, beynəlxalq statistika qurumlarının məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri gücünə görə 52-ci yerdədir. Həmin siyahıda Ermənistan 96-cı yerdədir. Azərbaycan ordusunun büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Ordumuz professionaldır, 70 faizi müqavilə əsasında xidmət edən mütəxəssislərdir. Tonoyanın hesablamadan da başı çıxmır, hücum edən tərəf müdafiə edən tərəfdən güclü olmalıdır. Onun çıxışları diaspor təşkilatlarına yönəlib, ABŞ-a pul dilənməyə getmişdi, təbii ki, pul dilənəndə hansısa vədlər verilməli idi.

Ermənistana qayıdandan sonra Azərbaycan ordusunun sülhlə məşğul olmalı olduğunu söylədi, bizə məsləhət verməyə çalışdı. Azərbaycanın Ali Baş Komandanı dəfələrlə bəyan edib ki, ordumuzun məqsədi torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü təmin etməkdir. Bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, ona görə sülhə hazırlaşmaq olmaz. Ordumuz sülhə o vaxt hazırlaşar ki, Ermənistan konstruktiv mövqe tutub məsələni sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə razılaşar. Vaxtilə neft kəmərləri keçən bölgələrdə diversiya qrupları ilə təsir göstərməyə çalışırdılar. Bu isə terrorçuluğa xas olan niyyətlərindən xəbər verir. O ifadələr terrorçunun hərəkəti kimi qiymətləndirilə bilər. Müdafiə naziri Zakir Həsənov Tonoyanın sözlərini cavabsız qoymadı.

Bu çıxışlar Ermənistan cəmiyyətində olan gərginlikdən xəbər verir. Ermənistan heç vaxt öz fikrində müstəqil olmayıb. Ermənilər öz havadarlarının əmrlərini yerinə yetirərək ,sərsəm bəyanatlarla çıxış edirlər. Ancaq bunlar da Azərbaycanı qıcıqlandırır. Bu, Azərbaycan üçün işarədir, səbrimiz tükənib öz tarixi missiyamızı yerinə yetirərək, torpaqlarımızı güc yolu ilə azad edib ərazi bütövlüyümüzü bərpa etmək üçün qüdrətimiz var. Bu isə Ermənistan cəmiyyətinin faciəsinə gətirib çıxarar.

– Ordunun sülhə hazırlaşması ifadəsini səsləndirdiniz. Dünyada elə ölkə varmı, ordu sülhə hazırlaşsın?

– Ordunun əsas məqsədi dövləti qorumaqdır. Ordu dövlətin təhlükəsizliyinin qarantıdır. Hər bir dövlətin sülh həyatı sürməsi ordunun xarici təzyiqlərə cavab verməsi ilə müşahidə olunur. Tonoyan özü də nə dediyini bilmir. Onların ifadələrində cümlələr dəyişsə də, məna dəyişmir.

– Müdafiə naziri Zakir Həsənov bəyan elədi ki, hər an döyüşlərə başlaya bilərik. Müşahidələriniz nə deyir?

– Ermənistan rəhbərliyinin mövqeyi Azərbaycanın müharibənin aktiv fazasına keçməsinə bir addım da yaxınlaşdırır. Vəziyyət olduqca gərgindir. Ali Baş Komandan dəfələrlə mesaj verib ki, Azərbaycanın səbri tükənə bilər və ermənilərin bu mövqeyi Azərbaycana başqa yol qoymur. Düşünürəm ki, vəziyyət bu fonda cərəyan etsə, ola bilsin Azərbaycan aktiv döyüş əməliyyatlarına keçsin. Azərbaycan üçün Dağlıq Qarabağı azad etmək asandır. Söhbət ordumuzun işğal olunmuş əraziləri azad edə bilməməsindən getmir. Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsində böyük dövlətlərin marağı var və bu dövlətlər böyük təsir gücünə malikdir. Aprel hadisələrində də bunu gördük. Azərbaycan dövlətinin siyasəti bu gün ona yönəlib ki, riski minimuma endirsin və əməliyyatlarımız ərazi bütövlüyümüzün tam təmin olunması ilə nəticələnsin. Problem silahlı qüvvələrimizin hazırlığında deyil, ordumuz daim öz hazırlığını yüksəldir, hər an verilən tapşırığı yerinə yetirməyə qadirdir. Məsələ geosiyasi vəziyyət və üçüncü qüvvələrin təsirini minimuma endirməklə bağlıdır. Bu istiqamətdə müsbət nəticələr əldə edəndən sonra Azərbaycan dövləti öz tarixi addımını atacaq. Yaxın tarixə nəzər salsaq, belə münaqişə ocaqlarının həlli böyük dövlətlərin maraqlarının təmin olunması ilə nəticələnib. Bunu Gürcüstanda da, Moldovada da, Ukraynanda da gördük. Ona görə də düşünülmüş addım atmaq lazımdır.

– Bəzi xarici kütləvi informasiya vasitələrində “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” başlığı altında yazılar yayımlanır. Halbuki NATO baş katibi bu yaxınlardan Azərbaycana yönəlik müsbət mesajlar vermişdi. Bu xəbərlər hansı mənbələrdən qaynaqlanır?

– Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Ölkəmiz daim öz maraqlarına hesablanan qərarlar verir. Bu məlumatlarla bağlı yaxın zamanlarda yeni bəyanatlar olacaq və o zaman məsələnin əsas mahiyyəti də bəlli olacaq.

– Azərbaycanın müdafiə naziri döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə etdiyimizi açıqladı. Bu çıxış fonunda ölkəmizdə Türkiyə hərbi bazasının yaradılması ideyası nə dərəcədə real görünür?

– General-polkovnik Zakir Həsənovun müdafiə naziri kimi ordumuzun Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşmasında özünəməxsus yeri var. Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələri ilə daim sıx təmasdadır. Birgə təlimlər keçirilir, hərbi sənaye sahəsində də görürük ki, birlikdə fəaliyyət mövcuddur. Türkiyə hazırda Suriyada bəzi əməliyyatlar aparır. Azərbaycan nəinki Türkiyənin, digər yerlərdəki döyüşlərin praktikasını nəzərdən keçirir. Çünki onlar bizim üçün bir təcrübədir. Bizə qardaş olan Türkiyənin təcrübəsindən hər zaman istifadə edirik. Bu baxımdan müdafiə naziri Türkiyə ilə yaxınlıq olduğunu vurğulayıb.