ManşetSiyasət

Azərbaycan ərazi bütövlüyümüzü dəstəkləyir – Səfir

Mərakeşin Azərbaycandakı səfirliyi Kral VI Məhəmmədin hakimiyyətə gəlişinin 20 illiyini qeyd edib.

Fakttv.com xəbər verir ki, milli bayram münasibətilə təşkil olunan rəsmi qəbulda səfirlər, yerli və əcnəbi rəsmilər, o cümlədən jurnalistlər iştirak edib.

Azərbaycan və Mərakeş himnlərinin səsləndirilməsi ilə start götürən tədbir daha sonra Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın nitqi ilə davam edib:

“Kral VI Məhəmmədin hakimiyyətə gəlməsindən sonrakı dövrdə ölkə iqtisadiyyatının modernləşməsi, gender məsələləri və yoxsulluğa qarşı mübarizə milli prioritetlərə çevrilib. Ölkənin bütün milli sərvətləri bu istiqamətdə səfərbər olunub. Nəticədə Mərakeş regionda müxtəlif sektorlarda, o cümlədən avtomobil istehsalı, aerokosmik sənaye sahələrində böyük uğurlara imza atıb”.

Azərbaycanla Mərakeş arasındakı münasibətlərdən danışan səfir əməkdaşlığın inkişaf etdiyini vurğulayıb:

“Hər iki ölkə bir çox məsələdə eyni mövqedən çıxış edir. Saxara məsələsində konstruktiv mövqeyinə, Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir. Qarşılıqlı turist səfərlərinin sayında da artım müşahidə olunur”.

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qəbulda çıxış edərək, bayram münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Bildirib ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-islam ölkələri, o cümlədən Mərakeş krallığı ilə əlaqələri inkişaf etdirməyə önəm verir.

O qeyd edib ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Mərakeşin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilir.