AraşdırmaMANŞETÜSTÜ

Axirətdə əbədi yaşamaq üçün nə edə bilərsiniz? Müqəddəs Kitabın cavabı

Fakttv.com olaraq “Axirətdə əbədi yaşamaq üçün nə edə bilərsiniz” sualına  cavab ücün bəzi araşdırma apardıq.

Müqəddəs Kitabda vəd olunur: «Allahın istəyini yerinə yetirən… əbədi yaşayır» (1 Yəhya 2:17). Bəs Allahın istəyi nədir?

  • Allah və İsa Məsih haqda öyrənin. İsa Allaha duasında demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Allahı və İsa Məsihi necə tanıya bilərik? Müqəddəs Kitabı mütaliə etməklə və orada yazılanları həyatımızda tədbiq etməklə *. Müqəddəs Kitab Yaradanımızın, həyat verən Yehova Allahımızın düşüncələrini bizə açıqlayır (Həvarilərin işləri 17:24, 25). Orada həmçinin «əbədi həyatın sözləri»ni öyrədən İsa Məsih haqda da danışılır (Yəhya 6:67—69).

  • İsanın fidyə qurbanlığına iman edin. İsa Məsih yer üzünə «xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib» (Mətta 20:28). İsa Məsihin fidyə qurbanlığı bəşəriyyətə yerüzü Cənnətdə əbədi yaşamaq imkanı açıb *(Zəbur 37:29). O demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Diqqət yetirin ki, burada İsa Məsihə sadəcə inanmaq tələb olunmur. Biz onun öyrətdiklərinə və Allahın iradəsinə uyğun həyat yolunu seçməklə «ona iman etməli»yik (Mətta 7:21; Yaqub 2:17).

  • Allahla möhkəm dostluq münasibətləri qurun. Allah Ona yaxınlaşmağımızı və Onun dostu olmağımızı istəyir (Yaqub 2:23;4:8). Allah əbədiyyən var olandır. Onun mövcudluğu sonsuzdur və O, dostlarının da əbədi var olmasını istəyir. O Öz Kəlamı vasitəsilə Onu axtaran hər bir kəs üçün istəyini belə ifadə edir: «Qoy onların ürəyi əbədi döyünsün» (Zəbur 22:26).

Əbədi həyatla bağlı yanlış fikirlər

Yanlış: İnsan cəhdləri əbədi həyata gətirib çıxaracaq.

Doğru: Bəzi tibbi nailiyyətlər insan ömrünün müddətini uzatmağı vəd etsə də, bu cəhdlər heç vaxt əbədi həyata gətirib çıxarmayacaq. Yalnız Allah bizə əbədi həyat verə bilər, çünki «həyat mənbəyi» Odur (Zəbur 36:9). O söz verir ki, «ölümü əbədilik məhv edəcək» və bütün saleh insanlara əbədi həyat mükafatını verəcək (Əşiya 25:8; 1 Yəhya 2:25).

Yanlış: Yalnız müəyyən irqdən olan insanlar əbədi yaşayacaq.

Doğru: Allah ayrı-seçkilik etmir. O, «hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35). Mənşəyindən və mədəniyyətindən asılı olmayaraq Allaha itaət edən bütün insanlar əbədi yaşaya bilər.

Yanlış: Əbədi həyat darıxdırıcı olacaq.

Doğru: Əbədi həyatı təklif edən bizi sevən və xoşbəxt olmağımızı istəyən Allahdır (Yaqub 1:17; 1 Yəhya 4:8). O, xoşbəxt olmağımız üçün mənalı işlər görməyə ehtiyacımızın olduğunu bilir (Vaiz 3:12). Allah vəd edir ki, yer üzündə əbədi yaşayacaq insanların həm özlərinə, həm də sevdikləri kəslərə fayda gətirəcək zövq verən və mənalı işləri olacaq (Əşiya 65:22, 23).

Bundan əlavə, əbədi həyatda yaşayacaq insanlar Yaradanları və Onun heyrətamiz işləri haqda daima yeni şeylər öyrənəcəklər. O, insanları əbədi yaşamaq və Onun haqqında öyrənmək istəyi ilə yaradıb. «Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər» (Vaiz 3:10, 11). Beləliklə, əbədi həyatda yaşayacaq insanların öyrənmək və etmək üçün daima maraqlı işləri olacaq.

Fakttv.com Coşqun