AraşdırmaMANŞETÜSTÜ

30-a YAXIN ELMİ VƏ PRAKTİK KİTABIN MÜƏLLİFİ HASİL FƏTƏLİYEV AZƏRBAYCANIN ŞƏRABÇILIQ ÜZRƏ İLK PROFESSORUDUR

Hasil Fətəliyev rayonumuzun İsaqbağı kəndində Böyük Vətən müharibəsinin veteranı, uzun illər müəllimlik kimi məsuliyyətli və hörmət doğuran bir peşədə şərəflə çalışan Kamaləddin Fətəliyevin ailəsində doğulub. İndiki Aqrar Universitetinin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini Üzümçülük və üzümün ilk emalı ixtisası üzrə bitirən, böyük zəhmət, fədakarlıq bahasına parlaq nailiyyətlər qazanan həmyerlimiz hazırda Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının müdiri, respublikamızda şərabçılıq üzrə ilk professor, texnika elmləri doktorudur. Təsadüfi deyil ki, ömrünün böyük bir hissəsini həsr etdiyi şərabçılığın inkişafı sahəsində qazandığı nailiyyətlərə görə Prezident cənab İlham Əliyev Hasil Fətəliyevi 18 may 2010-cu il tarixli Sərəncamla “Tərəqqi” medalı ilə təltif edib. İstedadlı alim həmyerlimizin keçdiyi mənalı ömür yolu bu gün hər bir gəncə, xüsusən məktəbli və tələbə gənclərimizə örnək ola bilər. Bunu, yazıçı Sevda Sultanovanın Hasil müəllimin həyat və fəaliyyətinə həsr olunmuş və 2019-cu ildə çapdan çıxan “Bir şərabçının tarixçəsi…” adlı 308 səhifəlik elmi-bədii kitabından da aydın görmək olar. Bu bədii-elmi kitabda kənd orta məktəbini yüksək qiymətlərlə bitirən, tələbə ikən Lenin təqaüdünə layiq görülən Hasil Fətəliyevin təhsilini təkmilləşdirmək, namizədlik və doktorluq dissertasiyalarını yazıb müdafiə etmək yolunda çəkdiyi böyük zəhmətlər sadə və rəvan dillə qələmə alınıb. Sən demə, Moskvadakı üzümçülük-şərabçılıqla bağlı elmi mərkəzlərdə yuva salan ermənilər və onların Azərbaycandakı və Rusiyadakı üzdəniraq bəzi azərbaycanlı havadarları bu istedadlı gəncin elm sahəsində irəliləməsinə qarşı daim maneələr yaradıblar. Kitabda ailə üzvlərinin, doğma və əzizlərinin, o cümlədən qardaşları Hacı İsmayılın, Səxavət müəllimin, Hacı Fikrətin, Namiqin, bacıoğlusu Samirin, tələbə və aspirantlarının, doktorantlarının, iş yoldaşlarının, alim həmkarlarının, şərabçılıq sahəsində şöhrət qazanan iş adamlarının, Rusiyadan olan alim və mütəxəssislərin professor Hasil Fətəliyev haqqında dedikləri çox dəyərli fikirlər insanda bu elm fədaisinə hörmət və rəğbət hissini daha da artırır. Əslində, bu dəyərli əsəri “Azərbaycanda üzümçülüyün tarixçəsi” də adlandırmaq olardı. Çünki kitab oxucuları ölkəmizdə, eləcə də Cənubi Azərbaycanda və Borçalı qəzasında üzümçülüyün keçdiyi 9 min illik tarixi yolla tanış edir. Üstəlik, müəllif Sevda xanım bu əsərində keçmiş SSRİ məkanında üzümçülüyün və şərabçılığın yaranması, inkişafı barədə də oxucularına dəyərli məlumatlar verir. Məlum olur ki, 1816-1825-ci illərdə rus generalı Yermolovun təklifi ilə çar Rusiyası tərəfindən 209 alman ailəsi Almaniyanın Vürtemberq Krallığı ərazisindən Azərbaycana köçürülüb. Bu ailələrdən 118-i Gəncənin 7-8 kilometrliyindəki, yerli əhalisi Rusiyanın işğalı ilə barışmayaraq Türkiyə və İrana köçən Xanlıqlar kəndində, 91 ailə Şəmkir şəhərinin ətrafında məskunlaşdırılıb, Xanlıqlar ərazisi sonralar çar I Aleksandrın bacısının şərəfinə Yelenendorf (indiki Göygöl şəhəri), Şəmkir ərazisindəki alman koloniyası isə Annenfeld adlandırılıb. Digər tərəfdən, həmin dövrdə çar Rusiyası bir çox könüllü alman ailələrini Azərbaycanın digər ərazilərinə, habelə Ukraynaya, Gürcüstana və b. ərazilərə də köçürüb. Əlbəttə, almanların Rusiya, Azərbaycan, Ukrayna kimi ərazilərə köçürülməsinin əsas məqsədi yerli əhaliyə kənd təsərrüfatı və digər sahələrdəki alman mədəniyyətini praktiki olaraq göstərmək idi. Azərbaycanda məskunlaşdırılan almanlar özləri üçün o dövrün tələblərinə tam cavab verən Georgsfeld, Qrinfeld, Eygenfeld, Alekseyevka və Traubenfeld adlı qəsəbələr salıblar, ümumiyyətlə, Rusiya imperiyasının 39 quberniyasında alman şərabçılarının firma mağazaları yaradılıb. Azərbaycanda məskunlaşan almanlar əvvəl ipəkçilik, çəltikçilik və tütünçülüklə məşğul olsalar da, nəticə yaxşı olmur və nəhayət onlar üzümçülük və şərabçılıq sahəsində böyük uğurlar və şöhrət qazanır, məhsullarını saxlamaq üçün alman tipli zirzəmili evlər, sonra da şərab zavodları tikirlər. O da maraqlıdır ki, hətta Yelenendorf koloniyasının başçısı Lorens Yakovleviç Kun-Şuls Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü seçilir. 1941-ci ildə İosif Stalin almanların faşist Almaniyasına casusluq edəcəklərindən ehtiyatlanaraq onların hamısını Sibirə sürgün elətdirib. Sonralar onlardan Azərbaycana qayıdanlar da olub, çox sonralar isə müxtəlif səbəblərdən Almaniya və b. ölkələrə köçüb gediblər. Kitabda qeyd olunur ki, Yelenendorfun sonuncu alman sakini Viktor Klayn 2007-ci ildə ölkəmizdə vəfat edib və elə Göy-göl rayonunda da dəfn olunub, halbuki onu dəfələrlə doğma vətəninə dəvət ediblər, o isə sonadək Azərbaycanı tərk etmək istəməyib və tərk etməyib. Azərbaycanda üzümçülük və şərabçılığın şöhrətini bərpa etmək kimi çətin və mürəkkəb bir sahədə fədakarlıqla çalışan Hasil Fətəliyevin uğurlarından faktlar əsasında bəhs edilən kitabda qeyd olunur ki, görkəmli professor həmyerlimiz bu sahəyə dair 30-a yaxın kitabın, o cümlədən 9 dərsliyin, 11 dərs vəsaitinin, 3 monoqrafiyanın, tövsiyə xarakterli bir neçə kitabçanın, broşürün müəllifidir. Hasil müəllim elmi araşdırmalarını bu gün də geniş miqyasda davam etdirir. Təkcə bir faktı deyək ki, onun əməkdaşlıq etdiyi “Az-Granata”nın indi ölkəmizdə 70-dən çox firma mağazası var və qısa müddət ərzində böyük şöhrət qazanan bu müəssisə məhsul satışına görə ölkəmizdə liderdir. Hasil Fətəliyev həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Aida xanımla 2 qız, 1 oğul böyüdüblər. Böyük qızları Şəbnəm xanım Azərbaycan Pedaqoji Universitetini kimya-biologiya üzrə bitirib, magistraturanın sonuncu kursunda oxuyur, ailəlidir, Damla və Yağmur adlı övladları var. Ailənin ikinci övladı Kamaləddin 667 balla həm Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəetmə Akademiyasında, həm də Türkiyə Hacıtəpə Universitetinin ingilis dilində iqtisadiyyat fakültəsində ali təhsil almaq şansı qazanıb və 15 yaşında AİA-nın I kurs tələbəsi olub. Parlaq istedadı və dərin zəkası ilə yaşıdlarından seçilən bu gənc ali təhsilini bitirəndən sonra ilyarım ingilis dili və kompüter mühəndisliyi kursunda oxuyaraq ingilis dilindən TOEFL proqramı ilə imtahan verib, ixtisas fənləri üzrə proqramları yerinə yetirərək Avstraliyada magistraturaya qəbul olunub, 2 ilə yaxın orada işləyib, ilyarım Sinqapurda təhsilini təkmilləşdirib və işləyib. Sonra da vətənə qayıdaraq Ali Diplomatiya Akademiyasında və Qafqaz Universitetində dərs deyib. Kamaləddin hazırda Sidneydə kompüter proqramları hazırlayaraq satışa çıxarır. Hasil müəllimin kiçik qızı Ülviyyə İtaliyanın Sapenza Universitetinin magistraturasında yuksək balla oxuyur və təqaüd proqramı da qazanıb. O, şahmat üzrə 6 dəfə Azərbaycan, 2 dəfə Avropa çempionu olub, dünya çempionatının gümüş mükafatçısı, Beynəlxalq qrossmeysterdir, Azərbaycanın 5 nəfərlik milli qadın komandasının üzvüdür. Ülviyyə bu ilin aprelində Türkiyənin Antalya şəhərində keçirilən Qadınlar arasında Avropa Çempionatında 11 oyundan 7.5 xal toplayaraq Dünya Kubokuna da vəsiqə qazanıb. Müəllif, kitabında yeri düşdükcə qədim xalq təbabətinin çoxdan unudulmuş müalicə üsullarından söhbət açır, məqamı gələndə lətifə və yumora da yer verir. Kitabı oxuyaraq Hasil müəllimin respublikamızda şərabçılığın inkişafına verdiyi elmi töhfələrə nəzər salanda istər-istəməz onun bacısı oğlu və tələbəsi Samirin fikri ilə razılaşmalı olursan: “Lomonosov Rusiya üçün nə olubsa, Hasil müəllim də bizim üçün odur”. Sevda Sultanovanın kitabından o da bəlli olur ki, şərabçılıq çox məsuliyyət tələb edən və ölkəyə böyük gəlir gətirən sahədir. Təkcə bir faktı deyək ki, 1980-ci illərdə milyarder Vilyam Kox 4 şüşə şərabı 500 min dollara alıb, 1993-cü ildə isə “Romane-Konti” şərabının 1 şüşəsi 476 min 280 dollara satılıb. Bütün bu və digər məqamlar bir daha onu göstərir ki, haqqında bəhs etdiyimiz kitab üzümçülük və şərabçılıq sahəsinin mütəxəssisləri, bu sahəni öyrənən tələbələr və elmi işçilərlə yanaşı, adi oxucular üçün də maraqlı və dəyərli bir əsərdir. “Bir şərabçının tarixçəsi…” əsəri haqqında qeydləri kitabın “Epiloq”unda deyilən bir fikirlə tamamlamaq yəqin ki, yerinə düşər: “Məşhur filosof Mark Ciceron deyib ki, insanlar şəraba bənzərlər: qocalıq pislərini turşudar, yaxşılarına dad verər”… İsaməddin ƏHMƏDOV